Bu yaxınlarda ABŞ-da işıq üzü görən kitabda əks edilən araşdırmaların nəticələrinə əsasən, 2011-ci ilin əvvəlinə olan məlumatlara görə, Dağlıq Qarabağın və ətraf rayonlarının Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycana vurulan zərər $431,5 mlrd.-dan artıq təşkil edib. Bu barədə azərbaycanlı deputat Elxan Süleymanov bəyan edib.
Dekabrın 14-də Andorra Senatında “Azərbaycan bu gün Avropada. Azərbaycan və Andorra arasında etibarın yaradılması” adlı konfransda çıxışında parlament üzvü bildirib ki, Dağlıq Qarabağ problemi əslində münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür. E.Süleymanov bu problemə dair dünya birliyinin laqeyd mövqeyinə narazılığını bildirib. Bununla əlaqədar, AVRONEST Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edən deputat Avropa Şurasının Nazirlər Komitəsində Andorranın noyabr ayından etibarən altı aylıq müddətə sədrliyi dövründə azərbaycanlı qaçqınların pozulmuş hüquqları ilə bağlı vəziyyətin müsbət tərəfə dəyişəcəyinə ümid edir.
Dekabrın 13-14-də Andorraya səfər edən Azərbaycanın nümayəndə heyətində həmçinin baş nazir Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, parlamentin deputatları təmsil olunub.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Andorra Senatının sədri, iqtisadiyyat, turizm və ətraf mühit və digər nazirlərlə görüşüblər.