Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun(DSMF) 2013-cü il üçün kəsirsiz büdcəsini təsdiq edib.
“DSMF-nin 2013-cü il üçün büdcəsi haqqında” qanunun mətni rəsmi mətbuatda dərc olunub və 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanuna əsasən, DSMF-nin gələn il üçün gəlir və xərcləri 2 mlrd. 632,695 mln. manat səviyyəsində təsdiq edilib.
Xəbər verildiyi kimi, gələn il üçün fondun gəlirlərinin strukturunda icbari sosial sığorta üzrə köçürmələr 1 mlrd.550 mln. 161,4 min manat, o cümlədən özəl sektordan 860 mln. manat təşkil edəcək.
Bundan başqa, dövlət büdcəsindən DSMF büdcəsinə transfertlər 1 mlrd. 77 mln.33,6 min manat, fondun digər gəlirləri 5,5 mln. manat təşkil edəcək.
2013-cü ildə fondun xərclərinin strukturunda bütün xərclərin 97,6%-i və ya 2 mlrd. 570,271 mln. manat əhaliyə ödəmələrə, o cümlədən 2 mlrd. 500,291 mln. manat- pensiyaların, 69,98 mln. manat müavinətlərin verilməsinə yönəldiləcək. Büdcədə DSMF-nin yerli və mərkəzi orqanlarının saxlanılmasına 23,2 mln. manat. o cümlədən əhalinin pensiyalarının verilməsi üçün bank xidmətlərinə 19,7 mln. manat ayrılması nəzərdə tutulub.
DSMF-nin kəsirsiz büdcəsinin gəlir və xərcləri 2012-ci ildə 2 mlrd. 454,3 mln. manat həcmində təsdiq edilib.