Azərbaycan Çin investisiyalarının ölkə iqtisadiyyatına yatırılmasında maraqlıdır. Bu barədə Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası işçi qrupunun rəhbəri, hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bazar ertəsi Çin Xalq Siyasi Məsləhət Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçeni qəbul edərkən bəyan edib.
“Ölkələrimiz birgə bir çox layihələri reallaşdırır. Bu isə iqtisadi əlaqələrin inkişafına imkan yaradır. İqtisadiyyatımız xarici investisiyalar üçün açıqdır. Azərbaycanda biznesin inkişafı üçün əlverişli şərait yaradılıb. Biz Çin iş adamlarını Azərbaycan iqtisadiyyatına investisiya yatırmağa dəvət edirik”, - deyə Ə.Əhmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda Çinin inkişafını diqqətlə müşahidə edirlər.
“Azərbaycanlılar Çini dost ölkə hesab edirlər. Bütün xalq adından Azərbaycanın ərazi bütövlüyünü dəstəklıədiyinə görə Çin dövlətinə minnətdarlığımızı bildirirəm”, - deyə o vurğulayıb.
Ə.Əhmədov əlavə edib ki, parlamentlərarası və partiyalararası münasibətlər iki ölkə arasında əməkdaşlığa töhfə verir.
B.Liçen öz növbəsində ikitərəfli əlaqələrin hərtərəfli inkişafı üçün geniş perspektivlərin mövcudluğunu qeyd edib. “İqtisadi əməkdaşlığın, o cümlədən digər sahələrdə əlaqələrin inkişafı üçün bir çox şeylər etmək lazımdır. Bütün bunlar xalqlarımızın rifahı üçün lazımdır”, - deyə Çin Xalq Siyasi Məsləhət Şurasının Ümumçin Komitəsinin sədr müavini qeyd edib.