Azərbaycan-Türkiyə dostluq və qardaşlığı təhsil və elm sahəsində qurulan körpülərlə daha da möhkəmləndirilir. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ərzurum Atatürk Universitetinin rektoru, professor Hikmət Koçakla görüşdə bildirib.
“İstər Türkiyənin yaxın bölgələri, istərsə də bu bölgələrin universitetləri ilə qurulan əlaqələr regionun tərəqqisi, yüksək ixtisaslı kadrların hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə V.Talıbov qeyd edib.
Onun sözlərinə görə, Ərzurum Atatürk Universiteti ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında qurulan əlaqələr də yüksələn xətlə inkişaf edərək getdikcə möhkəmlənir.
NMR sədri Türkiyə universitetləri ilə əlaqələrin genişləndirilməsi üçün bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyinə əminlik ifadə edib və vurğulayıb ki, elmi-mədəni əlaqələr ümumbəşəri əhəmiyyətə malikdir.
O, H.Koçakın universitetlərarası əlaqələrin qurulması və inkişafındakı fəaliyyətini yüksək qiymətləndirib, onu NDU-nun fəxri doktoru adına layiq görülməsi münasibətilə təbrik edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən H.Koçak vurğulayıb ki, Naxçıvanda elm və təhsilə hərtərəfli qayğının göstərilməsi bütün regionda elm və təhsilin inkişafına böyük töhfədir və mədəni əlaqələrin yüksəlməsinə xidmət edir. O qeyd edib ki, Naxçıvana indiki gəlişində quruculuq işlərinin davam etdirildiyini, təhsil infrastrukturunun müasirləşməsi istiqamətində uğurlu addımların atıldığının şahidi olur. Bu sürətli inkişaf NDU-nun timsalında da özünü göstərir. Yaradılan şərait imkan verir ki, NDU ilə Türkiyənin ali təhsil ocaqları öz potensiallarını birləşdirərək uğurlu nəticələr əldə etsinlər.
Görüşdə elm və mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyənin Naxçıvandakı baş konsulu Cenk Ünal görüşdə iştirak edib.
Həmin gün NDU-da keçirilən təntənəli mərasimdə rektor H.Koçaka universitetin diplomu və fəxri doktoru mantiyası verilib.
Bundan başqa, NDU və Ərzurum Atatürk Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, iki ali məktəb arasında tələbə mübadiləsi aparılacaq, beynəlxalq konfranslar, elmi nəşrlər, birgə elmi tədqiqatlar, mədəni və idman tədbirləri təşkil ediləcək.