İstanbulda Azərbaycanın böyük mütəfəkkiri "Mirzə Fətəli Axundzadə ili" ilə əlaqədar TÜRKSOY təşkilatının yekun simpoziumu keçirilir. Xatırladaq ki, Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi 2012-ci ildə qeyd edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Simpoziumda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov təmsil edirlər.
Bazar ertəsi başlayan ikigünlük simpozium Türkiyənin Ankara şəhərində Türkiyə Milli Kitabxanasında və İstanbulda Aydın Universitetində keçirilir. Simpozium çərçivəsində "Azərbaycanfilm" kinostudiyasının yeni istehsal etdiyi, M.F.Axundzadəyə həsr olunmuş "Sübhün səfiri" 2 seriyalı bədii film nümayiş olunacaq. Bu gün elə burada "Mirzə Fətəli Axundzadə ili"nin təntənəli bağlanış mərasimi keçiriləcək.