“Diffamasiya haqqında” qanunun qəbul edilməsi Azərbaycanın qanunvericilik bazasını təkmilləşdirməyə imkan verəcək. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov belə hesab edir.
“Bu qanunun qəbul edilməsi jurnalistləri peşəkar fəaliyyətə görə cinayət məsuluiyyətindən azad edəcək. Bundan sonra Azərbaycanda kifayət qədər müasir tələblərə cavab verəcək qanunverici baza formalaşacaq”, - deyə o Mətbuat Şurası və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən Lənkəranda təşkil edilən regional konfransda çıxışında bildirib.
Tədbirdə qeyd olunduğu kimi, hazırda “Diffamasiya haqqında” qanun layihəsi Avropa Şurasinin Venesiya komissiyasının ekspertizasındadır. Yaxın zamanda Avropa ekspertləri tərəfindən sənədin öyrənilməsi prosesi başa çatdıqdan sonra qanun layihəsinin müzakirə və mümkün təsdiqi üçün Azərbaycan parlamentinə göndəriləcəyi gözlənilir.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, konfransda KİV ilə əlaqədar vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması qeyd edilib. Bakıda gələn il Mətbuat günündə istifadəyə veriləcək jurnalistlər üçün 156 mənzili olan 17 mərtəbəli binanın tikintisi aparılır. Bundan başqa, cari ilin sonunda təxminən 100 mətbuat nümayəndəsinin Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən mükafatlandırılacağı gözlənilir.