Azərbaycan, Gürcüstan və Moldova ərazisində münaqişələr nəinki regionun, həm də Avropanın təhlükəsizliyinə təhdiddir. Bu barədə GUAM Parlament Assambleyasının sədri Elton Məmmədov bəyan edib.
"Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrinin öz həllini tapmaması regionla yanaşı, Avropa üçün də təhdiddir", - deyə E.Məmmədov çərşənbə günü Bakıda GUAM PA-nın 5-ci iclasında bildirib.
Onun sözlərinə görə, həll olunmamış münaqişələr, həmçinin regionda həyata keçirilən iqtisadi layihələrə də mənfi təsir göstərir.
"Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması qəbuledilməzdir. Azərbaycan əraziləri işğaldan azad edilməli, qoşunlar işğal altında olan ərazilərdən çıxarılmalı, öz torpaqlarından qovulmuş məcburi köçkünlər evlərinə qayıtmalıdırlar. Yalnız beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməklə sülh və sabitliyin bərpası mümkündür", - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, işğal qüvvələri zəbt edilmiş ərazilərdən nə qədər tez çıxarılsa, bu, hamı üçün bir o qədər yaxşı olacaq.
E.Məmmədov çıxışında Bakıda keçirilən GUAM PA iclasının təşkilatın möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə edib.