Tolerantliq və multikulturalizm ənənələri Azərbaycan siyasətinin tərkib hissəsidir. Bu barədə Prezident İlham Əliyev Bakıda keçirilən “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumun iştirakçılarına müraciətində bəyan edib.
“Azərbaycan dövlətinin dini siyasəti “dövlət-din” münasibətlərin uğurlu siyasətinin əyani nümunəsidir. İctimai-siyasi sabitlik, o cümlədən multikulturalizm ənənələri siyasətimizin tərkib hissəsidir”, - deyə İ.Əliyev qeyd edib.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov tərəfindən oxunan müraciətdə Prezident Bakı forumunun aparıcı xadimləri, alimləri, siyasətçiləri, beynəlxalq təşkilatların, dini mərkəzlərin nümayəndələrini bir yerə topladığını məmnunluqla qeyd edir. İ.Əliyevin sözlərinə görə, Azərbaycan zəngin tolerantlıq, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq ənənələrinə malikdir. Bu səbəbdən respublikada həmin məsələlərin müzakirəsi böyük məna kəsb edir. “Məmnunluqla qeyd edirəm ki, Azərbaycanda heç zaman dini zəmində münaqişələr olmayıb və insanlar arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanıb. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri yüz illər ərzində hər zaman sülh və dostluq şəraitində yaşayıblar. Burada xalqımıza xas olan multikulturalizm, humanizm, qarşılıqlı hörmət ənənələrinin rolu böyükdür. Çox konfessiyalı və çox millətli Azərbaycan bu gün beynəlxalq birliyə uğurla inteqrasiya edir və mədəniyyətlərarası və dinlərarası dialoqa böyük önəm verir”, - deyə o bildirib.
Azərbaycan Prezidenti müasir dünyada tolerantığın güclənməsi, dözümlülük, dini və milli ekstremizmə qarşı birgə mübarizə məsələlərinin Bakı forumunun əsas mövzuları olacağına ümid edir.