Xocalı soyqırımına laqeyd qalan “Freedom House” və digər Avropa təşkilatlarının Azərbaycana qərəzli münasibəti anlaşılan deyil. Bu barədə “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxışında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib.
“Azərbaycanın ərazisinin 20%-i işğal edilib, 1 milyon qaçqın və məcburi köçkünümüz var. Buna baxmayaraq, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışırıq”, - deyə Şeyxülislam bildirib.
Onun sözlərinə görə, Bakıda xristianlar, hətta sayı az olan katolik icması üçün də kilsə tikilib. O cümlədən, isə erməni katolikosunun Bakıya gəlməsi tolerantlığın daha bir nümunəsidir.
A.Paşazadə qeyd edib ki, Avropanın bir çox ölkəsi üçün Azərbaycandakı dini dözümlülük nümunə ola bilər.
QMİ sədri əlavə edib ki, əgər SSRİ dağılandan sonra Azərbaycanda 18 məscid vardısa, hazırda ibadət yerlərinin sayı 2 minə çatıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov qeyd edib ki, Azərbaycan belə bir forumun keçirilməsi üçün ideal məkandır.
“Azərbaycan uzun əsrlərdir ki, tolerantlığı ilə seçilib. Azərbaycan İslama sədaqətini həmişə nümayiş etdirib. Sovet dövründə də xalqımız dəyərlərini qoruyaraq saxlayıb. Burada digər xalqların dəyərlərinə də hörmətlə yanaşılıb”, - deyə E.İskəndərov bildirib.
Komitə sədri qeyd edib ki, XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində bütün millətlərin, dini qrupların, o cümlədən ermənilərin qrupu olub. “Həmin vaxt da torpaqlarımızın bir qismi ermənilərin işğalı altında olub. İşğalı həyata keçirən millətin dini abidələri də Azərbaycanda qorunur”, - deyə o əlavə edib.