ABŞ Azərbaycanda Qəbələ RLS-dən istifadə etməkdə maraqlı deyil. Bu barədə çərşənbə günü jurnalistlərə ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar məlumat verib.
"Bilirəm ki, ABŞ-ın Qəbələ RLS-lə bağlı heç bir marağı yoxdur", - deyə o, Xəzər İnteqrasiya İşgüzar Klubunun iclasında bildirib.
Onun sözlərinə görə, məhz Azərbaycan stansiyanın sahibi olaraq onun gələcəyini müəyyən edəcək. Diplomat bu məsələdə Bakının ən yaxşı qərar qəbul edəcəyinə əminlik ifadə edib.
Dekabrın 10-da Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib ki, Rusiya Qəbələ RLS-in istismarının dayandırılması ilə əlaqədar XİN-ə nota təqdim edib.
İnformasiya-analitik mərkəz statusuna malik “Dəryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Stansiyanın icarəsinə dair qüvvədə olan sazişin müddəti 2012-ci il dekabrın 9-da başa çatıb.
İcarə müddətinin uzadılması məsələsi hələ 2011-ci ildə müzakirə edilməyə başlayıb. O zaman Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Bakıda aparılan danışıqlarda yeni sazişin işlənib hazırlanması ilə bağlı razılığa gəlib.
Ancaq tərəflər icarə haqqı məsələləri ilə bağlı vahid fikrə gəlməyib. Bir sıra Rusiya KİV-nin məlumatına görə, Azərbaycan əvvəlcə Rusiya tərəfindən ildə $15 mln. icarə haqqı tələb edib, sonra bu məbləği $150 mln.-a, son zamanlar isə $300 mln.-a qədər artırıb.