Azərbaycanda məişət tullantılarının yandırılması zavodu istismara verilib.
Prezident İlham Əliyev çərşənbə günü Balaxanı bərk məişət tullantılarının yandırılması zavodunun açılış mərasimində iştirak edib. Bu barədə rəsmi KİV xəbər verir.
Zavodun tikintisi üzrə işlərə 2009-cu ilin noyabr ayında başlanılıb, zavodun layihələndirilməsi və tikintisi Fransanın “CNIM S.A.” şirkəti tərəfindən həyata keçirilib.
İllik emal gücü 500 min ton məişət tullantısı təşkil edən zavod iki xətdən ibarətdir. Tullantıların yandırılması prosesi nəticəsində əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 mln. kilovat/saat olacaq. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaq.
Xəbər verildiyi kimi, 2008-ci ilin dekabr ayında Azərbaycan hökuməti Fransanın “CNIM S.A.” şirkəti ilə bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi haqqında müqavilə bağlayıb. “CNIM S.A.” 20 il ərzində bu zavodu idarə edəcək. Zavod Balaxanı qəsəbəsində 10 hektar ərazidə yerləşəcək. Tikinti işlərinin dəyəri 346 mln. avrodur.