Çərşənbə günü “Azərsu” SC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) arasında təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə SC-nin məlumatında deyilir.
Sənəd “Azərsu” SC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini nəzərdə tutur.
AMİU-nun rektoru Gülçöhrə Məmmədova bu əməkdaşlığın tərəflər üçün böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb. “Yüksək ixtisaslı kadrlar hazırlamaq üçün hökmən istehsalatla sıx əlaqə yaradılmalı və təcrübə mübadiləsi aparılmalıdır. Hesab edirəm ki, “Azərsu” ASC ilə əməkdaşlıq elmi və praktiki baxımdan faydalı olacaq”, - deyə o qeyd edib.
“Azərsu” SC-nin sədri Qorxmaz Hüseynov məlumat verib ki, SC su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görür. Onun sözlərinə görə, bu işlərin keyfiyyətlə yerinə yetirilməsi, istifadə olunan son texnologiyaların və xarici təcrübənin mənimsənilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac yaranıb.
Tərəflər arasında razılaşmaya görə, universitetin II-IV kurs tələbələri “Yay məktəbi” proqramı çərçivəsində “Azərsu” SC-nin idarə və müəssisələrində təlimlərə cəlb olunacaq.
“Azərsu” ASC-də çalışan mütəxəssislər gələcəkdə universitetdə mühazirələrə, seminarlara, imtahan komissiyaları və elmi şuralara cəlb olunacaqlar. Universiteti müvəffəqiyyətlə başa vuran və təcrübi biliklərə malik məzunlar SC-nin müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.