Azərbaycanda məişət tullantılarının yandırılması zavodu istismara verilib.
Prezident İlham Əliyev çərşənbə günü Balaxanı bərk məişət tullantılarının yandırılması zavodunun açılış mərasimində iştirak edib. Bu barədə rəsmi KİV xəbər verir.
Zavodun tikintisi üzrə işlərə 2009-cu ilin noyabr ayında başlanılıb, zavodun layihələndirilməsi və tikintisi Fransanın “CNIM S.A.” şirkəti tərəfindən həyata keçirilib.
İllik emal gücü 500 min ton məişət tullantısı təşkil edən zavod iki xətdən ibarətdir. Tullantıların yandırılması prosesi nəticəsində əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 mln. kilovat/saat olacaq. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaq.
Bundan başqa, İ.Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak edib. Prezident zavodun idarəetmə otağında müəssisənin iş mexanizmi ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, zavod respublikada bu sahədə ilk pilot layihədir və illik istehsal gücü 200 min ton təşkil edir.
İ.Əliyev, həmçinin Balaxanı sənaye parkının təməlqoyma mərasimində də iştirak edib.
Dövlət başçısı sənaye parkının layihəsini əks etdirən stendə və parkın maketinə baxıb.
Xəbər verildiyi kimi, 2008-ci ilin dekabr ayında Azərbaycan hökuməti Fransanın “CNIM S.A.” şirkəti ilə bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi haqqında müqavilə bağlayıb. “CNIM S.A.” 20 il ərzində bu zavodu idarə edəcək. Zavod Balaxanı qəsəbəsində 10 hektar ərazidə yerləşəcək. Tikinti işlərinin dəyəri 346 mln. avrodur.