Dekabrın 21-də İstanbulda “I Türk hüquq tarixi konqresi” öz işinə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Konqressin işində 20-dən artıq ölkədən olan alimlər, həmçinin AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov iştirak edəcəklər.
Azərbaycanlı alim “Azərbaycanda Osmanlı hüquq sisteminin tətbiq edilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.
“Türkiyənin məhkəmə-hüquq sistemi həm müsəlman, həm də özünəməxsus ənənəvi hüquq əsasında formalaşıb. Eyni zamanda, XV-XVI əsrlərdə Osmanlı imperiyasında artıq müqayisə edilməz dərəcədə dövlət qanunvericiliyi böyük rol oynayıb. Osmanlı hüququ Azərbaycanda iki dəfə tətbiq edilib: ilk dəfə - XVI əsrin sonunda, ikinci dəfə - XVIII əsrin əvvəlində”, - deyə C.Qasımov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Konqresdə həmçinin Türkiyə hüququnun inkişaf perspektivləri müzakirə ediləcək.