2013-cü ildə Azərbaycan və İndoneziya prezidentlərinin q arşılıqlı səfərlər edəcəyi gözlənilir. Bu barədə Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov cümə axşamı İndoneziya Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanı qəbul edərkən məlumat verib.
Görüş zamanı O.Əsədov qeyd edib ki, bu gün Azərbaycanla İndoneziya arasında əməkdaşlıq əlaqələri, o cümlədən iqtisadi əlaqələr yüksək səviyyədədir. “Əgər 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi $950 mln. təşkil edirdisə, cari ilin 9 ayı ərzində bu rəqəm $1,400 mlrd.-ı keçib", - deyə o bildirib.
Spiker, həmçinin iki ölkə arasında əlaqələrin hüquqi bazasının genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə artıq beş sənəd imzalanıb, ikisi isə imzalanmaq ərəfəsindədir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Əsədov vurğulayıb ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalsa da, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.
Həmin gün İ.Qusman Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə dövlət başçısı Azərbaycanla İndoneziya arasında dostluq və əməkdaşlıq əlaqələrinin uğurla inkişafından məmnunluğunu ifadə edib. İ.Əliyev ölkələrimizin bir-birinə bütün beynəlxalq təşkilatlarda dəstək vermələrinin önəmini qeyd edib və BMT-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə ölkəmizin ədalətli mövqeyinə və Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçilərkən verdiyi dəstəyə görə İndoneziya hökumətinə təşəkkürünü bildirib.
İndoneziya Regional Nümayəndələr Şurasının sədri ölkəsinin Azərbaycan ilə əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiyini deyib. O, İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. İ.Qusman iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, ticarət, mədəni və digər sahələrdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib. Qonaq ölkələrimizin ayrı-ayrı şirkətləri arasında birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib.