Almaniyanın KfW Bankı (Almaniya İnkişaf Bankı) Azərbaycan hökumətinə su təchizatı və kanalizasiya sahəsində layihələrin icrası və kadastra 105,5 mln avro vəsait ayıracaq. Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Cümə axşamı Almaniyanın KfW Bankı və Azərbaycan hökuməti arasında 105,5 mln avro məbləğində vəsaitin ayrılması barədə sazişlər paketi imzalanıb. Bunun 102,5 mln avro kredit, 3 mln. avro isə qrantdır.
Vəsaitin 102 mln. avro su təchizatı və kanalizasiya layihələrinin icrası məqsədilə “Azərsu” ASC-yə, 3,5 mln. avro isə kadastr layihələrinin icrası üçün Əmlak Məsələləri Dövlət Komitəsinə ayrılacaq.
Məlumatda qeyd olunur ki, imzalanan sazişlər Gəncə və Şəki şəhərlərində layihənin 2-ci və 3-cü mərhələlərinin maliyyələşdirilməsini nəzərdə tutur. Bu məqsədlə, 43 mln. avro Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpasına, 57 mln. avro hər iki şəhərdə çirkab sutəmizləyici qurğuların inşasına sərf olunacaq. Daha 2 mln. avro məbləğində qrant isə Gəncə və Şəki Sukanal İdarələrinin 2 il müddətinə idarəedilməsinə sərf olunacaq.
“Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin reallşadırılması 500 minə yaxın Azərbaycan vətəndaşının içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdıracaq. Şəki şəhərində birinci mərhələ üzrə işlər yekunlaşmış, Gəncədə isə işlərin böyük əksəriyyəti yerinə yetirilib.
İmzalanma mərasimində baş nazirin müavini Abid Şərifov bəyan edib ki, Azərbaycan və KfW arasında əməkdaşlıq uğurla inkişaf edir və bank ərəfindən respublikada müxtəlif layihələrə 380 mln. avro maliyyə yardımı ayrılıb.