Dekabrın 24-də Kiyevdə azərbaycanlıların yaradıcılıq kollektivlərinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Azərbaycan! Vətən, doğma diyar!” Ümumukrayna festivalının qala-konserti keçiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Festival Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi, Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, Ukrayna Azərbaycanlıları Konqresi və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçiriləcək.
Festivalda aşağıdakı nominasiyalar üzrə kollektivlər və ifaçılar iştirak edəcəkdir: vokal sənəti, rəqs sənəti, orkestr sənəti, sirk sənəti, ədəbi əsərlərin deklamasiyası və dekorativ-tətbiqi sənət.
“Festivalın başlıca vəzifələrindən biri gənclərdə öz tarixi vətəninə qarşı vətənpərvərlik hissi aşılamaqdan, habelə Ukrayna ərazisində yaşayan başqa millətlərin mədəni irsinə tolerant münasibət və hörmət ruhu tərbiyə etməkdən ibarətdir”, - deyə festivalın təşkilatçılarından biri olan Ukraynanın xalq artisti Qurban Abbasovun sözlərindən sitat gətirilir.
İfaları qiymətləndirmək üçün peşəkar münsiflər heyəti seçilib. Həmçinin tamaşaçıların rəyi də nəzərə alınacaq.
Festival P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında keçiriləcək.