“Norm Azerbaijan” MMC şirkəti Almaniyanın “Commerzbank”-dan Azərbaycanda tikilən “Qızıldaş Sement” sement zavodu üçün texnoloji avadanlıq əldə etmək məasədilə $22,3 mln. məbləğində kredit alacaq.
Cümə günü Bakıda “Norm Azerbaijan” MMC və “Paşa Bank” “Commerzbank”-dan cəlb edilən kreditə dair zəmanət sənədləri imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Sənədi “Norm Azerbaijan” və “Paşa Bank”-ın idarə heyətlərinin sədrləri Hasan Yalçınqaya və Fərid Axundov imzalayıblar.
7 il müddətinə cəlb edilən “Commerzbank”-ın kreditinə dair zaminlər “Paşa Bank” və Almaniyanın “Euler Hermes” ixrac-sığorta agentliyidir.
H.Yalçınqayanın sözlərinə görə, müasir texnologiyaların tətbiqi istehlakçılara yüksək keyfiyyətli məhsul təqdim etməyə imkan yaradacaq. “Avadanlığın bir hissəsi artıq Azərbaycana çatdırılıb”, - deyə şirkətin rəhbəri məlumat verib.
O həmçinin qeyd eidb ki, “Qızıldaş Sement” sement zavodu 2013-cü ilin IV rübündə istifadəyə veriləcək.
Xəbər verildiyi kimi, “Norm Azerbaijan” MMC ildə 2 mln. ton sement istehsalı məqsədilə 2006-cı il mayın 4-də yaradılıb. Zavod Bakının Qaradağ rayonunda Sənqəçal neft terminalından 3 kilometr məsafədə tikilir.
Zavod Çinin “China Triumph International Engineering Co LTD (CTIEC)” şirkəti tərəfindən inşa edilir. Zavod 2013-cü ilin sonunda istismara veriləcək. Zavod üçün avadanlıqlar Almaniyadan və digər Avropa ölkələrindən alınacaq. Zavodda 400, xammal karxanalarında isə 100-150 nəfər çalışacaq. Bu, Qafqazda sement istehsalı üzrə ən böyük müəssisə olacaq.
Zavodda sement istehsalına 2013-cü ilin may ayında başlanılması planlaşdırılır.
Zavodun tikintisi üzrə məsləhətçi Yaponiyanın “Mitsubishi Corporation” şirkətidir.