Prezident İlham Əliyev “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nı təsdiq edib.
Dövlət Proqramının mətni rəsmi mətbuatda dərc edilib.
Bu, rəsmi statistikanın inkişafına yönəlmiş 4-cü Dövlət Proqramıdır. Daha əvvəl islahatların aparılması və statistika sisteminin inkişafı ilə bağlı 3 Dövlət Proqramı həyata keçirilib.
Dövlət Proqramının əsas məqsədi 2018-ci ilədək milli hesablar sisteminin daha da inkişaf etdirilməsi, əhalinin həyat səviyyəsinin və yaşayış şəraitinin monitorinqi, əhalinin məşğulluğu və işsizlik haqqında məlumatların toplanılmasının yeni metodlarının tətbiqi, “e-ticarəti” daha ətraflı əks etdirən məlumatları əldə etmək üçün xidmət sahəsi üzrə statistik göstəricilər sisteminin, statistik müşahidə proqramlarının təkmilləşdirilməsidir.
Bu proqramın həyata keçirilməsi kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti üzərində statistik müşahidələrin sadələşdirilməsinə imkan verəcək.
Proqram çərçivəsində Bakı şəhər, Göygöl, Oğuz, Füzuli, Zərdab və Şamaxı rayon statistika idarələri üçün yeni inzibati binaların tikilməsi planlaşdırılır.
2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi, yük avtomobili nəqliyyatı sahəsində seçmə statistika müayinəsinin təşkili (2014-cü il), dəmir yollarının siyahıyaalınması metodlarının hazırlanması və onun keçirilməsi (2016-2017-ci illər), beynəlxalq standartlara cavab verən xidmət statistikasının yaradılması (2014-2015-ci illər), “yaşıl iqtisadiyyat”ın statistikasının aparılması üçün metodologiyanın və göstəricilərin işlənib hazırlanması (2016-cı il) nəzərdə tutulur.
Bundan başqa, 2013-2016-cı illərdə Azərbaycanda statistik portalın yaradılması, dövlət orqanları ilə rəsmi statistik məlumatların elektron mübadilə sisteminin təkmilləşdirilməsi (2013-2017-ci illər), kiçik sahibkarlıq subyektlərindən hesabatların elektron formada qəbulunun başa çatdırılması (2014-cü il), coğrafi informasiya sisteminin yaradılması və inkişafı (2013-2015-ci illər) və digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır.