Azərbaycan seçicilərin əksəriyyəti İlham Əliyevə alternativ görmürlər və 2013-cü ilin payızında keçiriləcək prezident seçkilərində fəaliyyətdə olan prezidentə səs verəcəklər. YAP sədrinin müavini-icra katibi Əli Əhmədov buna əmindir.
“Azərbaycan xalqı İlham Əliyevə inanır. Azərbaycan seçiciləri ölkə prezidentliyinə digər namizəd görmürlər”, - deyə o bazar ertəsi “Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər” mövzusunda konfransın açılışında vurğulayıb.
Ə.Əhmədovun sözlərinə görə, başa çatmaqda olan 2012-ci il Azərbaycan üçün uğurlu olub, iqtisadiyyat, sosial sahədə böyük nailiyyətlər əldə edilib. Respublikanın dünyada mövqeyi güclənib. “Əminik ki, 2013-cü il Azərbaycan üçün cari il kimi uğurlu olacaq. Həmçinin əminik ki, 2013-cü ildə əsas uğur Yeni Azərbaycan partiyasının prezident seçkilərinə namizədliyini irəli sürəcəyi İlham Əliyevin qələbəsi olacaq”, - deyə partiyanın fəal üzvü qeyd edib.
Ə.Əhmədov YAP-ın sədri olan Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb.
Dekabrın 24-də İ.Əliyevin 51 yaşı tamam olur.