Beynəlxalq Maliyyə Korporasiyası (IFC) «Access Bank»a $15 mln. həcmində kredit ayırıb. Bu barədə korporasiyanın məlumatında deyilir.
Kredit vəsaitləri bankın Azərbaycanda, xüsusilə regionlarda sahibkarlara mikro və kiçik kreditlər vermək imkanlarını genişləndirəcək.
«Çox zaman maliyyə xidmətlərinə çıxışın olmaması kiçik və mikro biznesin inkişafına mane olur. Bunu xüsusilə regionlarda və kiçik aqrobiznesin inkişafında müşahidə etmək olar. IFC-in krediti məqsədimizə çatmaqda bizə kömək edəcək», – deyə məlumatda «Access Bank»ın baş meneceri Maykl Hofmana istinadən qeyd edilir.
“Layihənin həyata keçirilməsi «Access Bank»a Azərbaycanda xidmət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarların kreditləşməsinə imkan verəcək. Bu, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı və diversifikasiyasına yardım strategiyamızın həyata keçirilməsində bir addımdır”, - deyə IFC-in Cənubi Qafqaz ölkələri üzrə regional meneceri Tomas Lubek bildirib.
“AccessBank” aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Hazırda bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw (hər biri 20%), Access Holding (16,53%) və LFS Financial Systems GmbH (3,47%) şirkətləridir. 2012-ci il oktyabrın 1-nə bankın nizamnamə kapitalı 85 mln. manata bərabərdir.
Azərbaycan 1995-ci ildən IFC-in üzvüdür. Əməkdaşlıq dövründə korporasiya Azərbaycanda 60-dan çox layihənin maliyyələşdirilməsinə $364 mln. yönəldib.