Gürcüstanın baş naziri Bidzina İvanaşvili Bakı -Tbilisi-Qars (BTQ) dəmir yolu magistralı istismara verildikdən sonra Gürcüstan dəmir yollarının hazırkı yük dövriyyəsinin ilkin mərhələdə azala biləcəyindən ehtiyat edir.
“Bu layihə geosiyasi planda çox faydalıdır, lakin iqtisadi xarakterli məsələlər sual altındadır”,- deyə B.İvanaşvili bazar ertəsi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gücüstndan nə qədər çox tranzit keçərsə bu o qədər respublikanın xeyrinə olar, lakin belə bir təhlükə var, hazırda fəaliyyət göstərən və tikiləcək xəttdən 2-3 dəfə uzun olan dəmir yollarında yük dövriyyəsi ilkin mərhələdə azala bilər.
“Bu Gürcüstan limanlarının yük dövriyyəsinə də təsir edəcək.Ona görə bəzi suallar yaranır. Ümid edirəm ki, bu məsələ azərbaycanlı dostlarımızın yardımı ilə tənzimlənəcək”,- deyə B.İvanişvili bildirib.
Bununla yanaşı, nazir əlavə edib ki, heç kim magistralın tikintisini dayandırmaq fikrində deyil.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də mövcud Tiflis-Bakı magistralından istifadə olunmaqla dəmir yolu dəhlizinin yaradılması haqda hökumətlərarası saziş imzalayıblar. Layihə uzunluğu 98 km olan Qars- Axalkalaki dəmiryolu magistralının tikintisini də nəzərdə tutur, onun 68 km-i Türkiyə ərazisindən,30 km-i Gürcüstan ərazisindən keçəcək.Layihə həmçinin, Gürcüstanda Axalkalaki-Tbilisi dəmir yolu magistralının 183-cü kilometrlik hissəsinin yenidən qurulmasını da nəzərdə tutur.Gürcüstan tərəfində tikinti işləri Azərbaycanın Gürcüstana ayırdığı ümumi məbləği $775 mln.-a bərabər iki güzəştli kredirt hesabına reallaşdırılacaq.
Hazırda Gürcüstan ərazisində, xüsusən də onun Türkiyə ilə sərhəddində dəmir yolunun tikintisi üzrə işlər həyata keçirilir. BTQ marşrutu ilə ilk qatarın 2014-cü ilin birinci rübündə xəttə buraxılması planlaşdırılır.
Başlanğıc mərhələdə bu dəmir yolu ilə nəql edilən yüklərin həcmi ildə 5 mln. ton səviyyəsində olacaq, daha sonra yük daşımaların həcminin ildə 15-17 mln. tona çatdırılması gözlənilir.