Prezident İlham Əliyev Sumqayıt şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılış mərasimində iştirak edib. Bu barədə rəsmi KİV xəbər verir.
Dövlət başçısı mənzillərdə yaradılmış şəraitlə tanış olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib ki, əlillər və şəhid ailələri üçün inşa olunmuş 12 mərtəbəli 96 mənzilli yeni yaşayış binasında sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. İ.Əliyev yeni mənzillərin orderlərini və Naxçıvan avtomobil zavodunun istehsalı olan “Naz Lifan” markalı avtomobillərin açarlarını sahiblərinə təqdim edib.
Qarabağ müharibəsi əlili Azər Quliyev onlara göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib. Telekörpü vasitəsilə Şəki və Gəncə şəhərlərindən mərasimə bağlanan vətəndaşlar da Prezidentə minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər İ.Əliyevi ad günü münasibətilə təbrik ediblər və dövlət başçısının məhz belə bir gündə onlarla birlikdə olmasından sevinc duyduqlarını söyləyiblər.
Bundan başqa, paytaxtın Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində, eləcə də Şəmkir rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binaları istifadəyə verilib.