2013-cü ildə Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Səfər Prezident İlham Əliyevin dəvəti ilə həyata keçəcək. Səfərin müddəti sonradan dəqiqləşdiriləcək”, - deyə o qeyd edib.
“Bundan başqa, gələn il Qazaxıstanın xarici işlər nazirinin Azərbaycana səfəri baş tutacaq”, - deyə diplomat əlavə edib.
S.Primbetov ümumilikdə 2012-ci ili iki ölkə arasında münasibətlərin inkişafı baxımından məzmunlu kimi qiymətləndirib. O qeyd edib ki, xüsusilə başa çatmaqda olan ildə parlamentlərin spikerlərinin səfər mübadiləsi olub, bu isə ikitərəfli münasibətlərin inkişafına töhfə verib.
“Ölkələr arasında münasibətlər dinamik inkişaf edərək strateji və tərəfdaş kimi xarakterizə olunur”, - deyə səfir bəyan edib.
Diplomatın sözlərinə görə, qarşıdan gələn 2013-cü il az məzmunlu olmayacaq. Belə ki, Qazaxıstanın prezidenti və xarici işlər nazirinin səfərlərindən başqa 2013-cü ilin may ayında dünyəvi və ənənəvi dinlərin liderlərinin Qurultayının on illiyinin bayram edilməsi çərçivəsində Qazaxıstan parlamenti Senatının sədri Kayrat Maminin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Qazaxıstanın nümayəndə heyəti 2013-cü ildə Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü sammitində iştirak edəcək. Əldə olunan sazişə uyğun olaraq, xarici işlər nazirlərinin müavinləri səviyyəsində XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti raundu, həmçinin Qazaxıstan və Azərbaycan arasında müqavilə-hüquq bazanın inventarizasiya məsələləri üzrə növbəti görüş 2013-cü ildə Astanada keçirilməlidir. Bundan başqa, gələn il Bakıda hökümətlərarası komissiyanın 10-cu yubiley iclası planlaşdırılır.