Heydər Əliyev Sarayında “Bakı gecələri–2012” estrada mahnı festivalı qaliblərinin qala-konserti təqdim edilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Konsert Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə keçirilib.
Konsertdən əvvəl Bakı gecələrini əks etdirən kompozisiya nümayiş etdirildi.
Təşkilat Komitəsi tərəfindən 102 mahnı seçilərək festivalda iştirak etmək üçün efir proqramına daxil edilib. “Bakı gecələri” Estrada Mahnı Festivalının birinci mərhələsində Təşkilat Komitəsi tərəfindən seçilmiş mahnılar sentyabr ayının 20-dən etibarən “Araz FM-103.3” radiosunun efirində səsləndirilmiş, tamaşaçılar tərəfindən seçilmək üçün SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılıb. Festivala təqdim olunan mahnılar SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsində iştirak edib.
Səsvermə noyabrın 20-dək davam edib və hər iki səsvermənin nəticələrinə görə ən çox səs qazanan 21 mahnı “Bakı gecələri-2012” estrada mahnı festivalının qalibləri elan edilib. Qalib mahnılar Heydər Əliyev Sarayında keçirilən qala-konsertdə tamaşaçılara təqdim olunub.
Qalib mahnıların ifaçılarına diplomlar verilib.
Estrada mahnı festivalı 2008-ci ildən keçirilir.