Şagirdlərin orta təhsil müəssisələrinə seçim əsasında qəbulu məktəblərdə təhsilin keyfiyyətini yüksəltməyə imkan verəcək. Təhsil naziri Misir Mərdanov belə hesab edir.
"Əgər biz məktəblərdə keyfiyyətli təhsil almaq istəyiriksə, o zaman seçim aparmaq lazımdır", - deyə nazir çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən liseylərin məktəblərdən fərqi odur ki, orada çalışan müəllimlərin əmək haqları 15% çoxdur, müvafiq olaraq şagirdlərin bilik səviyyəsi də yüksəkdir və məhz lisey statuslu təhsil müəssisəsi müsabiqə əsasında şagirdlərin qəbulunu keçirmək hüququna malikdir.
"Bununla yanaşı, hər bir vətəndaşın icbari orta təhsil almasını təmin etmək bizim borcumuzdur", - deyə M.Mərdanov vurğulayıb.