Bu il uşaq idman məktəblərinin şagirdləri beynəlxalq turnirlərdə 100-ə yaxın medal qazanıblar. Bu barədə təhsil naziri Misir Mərdanov çərşənbə günü Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, məşqçi müəllim və idmançılar arasında 12 nominasiya üzrə təşkil olunmuş Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində məlumat verib.
“Cari ildə Respublika birincilik, çempionat və kubok yarışlarında idman növləri üzrə 557 medal, o cümlədən, 219 qızıl, 172 gümüş, 166 bürünc medal qazanılıb. Avropa, Dünya birinciliyi və çempionatlarında, eləcə də beynəlxalq turnirlərdə də idmançılarımızın ümumilikdə 97 medal, o cümlədən, 55 qızıl, 17 gümüş, 25 bürünc medal əldə edilib”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda Təhsil Nazirliyi nəzdində 159 Uşaq-Gənclər İdman və Şahmat məktəbləri fəaliyyət göstərir. Onlardan 83-ü – uşaq idman, 9-u – Olimpiya ehtiyatlı xüsusi uşaq idman məktəbi, 64-ü – uşaq şahmat məktəbi, 2–si - Olimpiya ehtiyatlı xüsusi şahmat məktəbi və bir fiziki hazırlıq üzrə uşaq klubudur. Respublikada hər il 39 çempionat, birincilik, zona və seçmə yarışları, 11 respublika turniri, eləcə də beynəlxalq və respublika yarışlarına hazırlıqla əlaqədar 70 təlim-məşq toplanışı keçirilir.
M.Mərdanov məlumat verib ki, 2012-ci ildə müxtəlif idman növləri üzrə 2108 nəfər yüksək dərəcəli idmançı hazırlanıb. Onlardan 1831 nəfər birinci dərəcəli idmançılar, 266 nəfər – idman ustasına namizəd, altı nəfər – idman ustası, iki nəfər FİDE ustası və üç nəfər beynəlxalq dərəcəli ustadırlar.