Azərbaycanda banklarda əhalinin əmanətləri 2012-ci il yanvar-noyabr aylarında 15,6% - 4,8 mlrd. manata qədər artıb. Bu barədə cümə axşamı dərc edilən Mərkəzi Bankın 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.
“Bir ildən artıq müddətə yerləşdirilən əhalinin əmanətləri 11 ay ərzində 17,4% artıb. Bu dövr ərzində milli valyutada əmanətlər 23%, xarici valyutada – 6,5% artıb. Regionlarda əhalinin əmanətləri 16% artıb”, - deyə bəyanatda qeyd olunur.
AMB-nin məlumatlarına görə, 2012-ci ilin yanavr-noyabr aylarında Azərbaycanda bankların ümumi aktivləri 20,6% artıb, likvid aktivlər ümumi aktivlərin 12,8%-i həddindədir.
11 ay ərzində bankların kredit qoyuluşları 20,9% artıb. Eyni zamanda sənaye və istehsalata kredit qoyuluşları bu dövr ərzində 50%, ASK və emal sahəsinə - 16% artıb. Uzunmüddətli kreditlərin həcmi 23% artıb. Regionlarda kreditləşmənin həcmi 19,6% artıb.
Vaxtı keçmiş borclar bankların kredit portfelini 6,4%-ni ötmür.
Dekabrın 1-nə kapitalın adekvatlıq göstəricisi 12%-lik normaya qarşı 15,7% təşkil edir. 11 ay ərzində bankların məcmu kapitalı 30% artıb. Azərbaycanın bank sistemində kapitalın gəlirliyi (ROE) 9%, bank aktivlərinin gəlirliyi isə 1%-dən çox (ROA) olub.
2012-ci ilin yanvar-dekabr aylarında faiz dərəcələrində azalma prosesi müşahidə edilib. Hesabat dövründə kreditlər və əmanətlər üzrə orta faiz dərəcələri 2 faiz bəndinədək azalıb.
“Respublikada 2012-ci ilin 11 ayı ərzində 26 yeni bank filialı və 14 yeni bank şöbəsi fəaliyyətə başlayıb. Hazırda ölkədə müştərilərin bank xidməti şəbəkəsinə 654 bank filialı və 162 bank şöbəsi daxildir. Bundan başqa, respublikada 114 filiala malik 132 qeyri-bank kredit təşkilatları fəaliyyət göstərir”, - deyə bəyanatda vurğulanır.
AMB-nin məlumatına əsasən, 11 ayı ərzində Milli Ödəniş Sistemi dövriyyəsi 2011-ci ilin yanvar-noyabr ayları ərzində müvafiq dövrü ilə müqayisədə 16,8% artaraq 104,8 mlrd.manat təşkil edib.
Hazırda Azərbaycanda 43 bank fəaliyyət lisenziyasına malikdir.