Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Şimali Osetiya-Alaniya Respublikasının Ruhani idarəsinin sədri, müfti Hacımurad Qatsalova din xadimi İrbek Dudarovun qətli ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
“Şimali Osetiyanın məşhur din xadimi İrbek Dudarovun qəddarcasına qətli barədə кədərli məlumatı dərin hüznlə aldım. Bu səbəbdən Azərbaycan müsəlmanları adından və şəxsən öz adımdan Sizə və qardaş Osetiya xalqına dərin hüznlə başsağlığı verirəm”, - deyə A.Paşazadənin H.Qatsalova ünvanladığı məktubda bildirilir.
A.Paşazadə bu cinayəti Müqəddəs dinin görkəmli xadimlərinə kobud qəsd kimi qiymətləndirib.
“İslamın düşmənləri bilməlidirlər ki, heç bir təhdid bizi düzgün, Allaha və xalqlarımıza xidmət yolundan çəkindirə bilməz”, - deyə məktubda qeyd olunur.
Sankt-Peterburq və RF Şimal-Qərb regionundakı müsəlmanların Ruhani idarəsinin sədri Cəfər Ponçayevin vəfatı ilə əlaqədar A.Paşazadə Mərkəzi Rusiya müsəlmanları Ruhani İdarəsinin sədri, baş mufti Talqat Tacuddinə məktub ünvanlayıb. Məktubda qeyd edilir ki, C.Ponçayevin vəfatı ilə bağlı xəbər dərin hüznlə qarşılanıb.
“C.Ponçayevi uzun illər ərzində tanıdığıma görə, əminliklə deyə bilərəm ki, onun şəxsiyyəti hər cəhətdən qabil və dərin olub. Allahın izni ilə bizim əlaqələrimiz və dostluğumuz Buxarada – “Mir-Ərəb” mədrəsəsində birgə təhsil aldığımız illərdə yaranıb. Bu əlaqələr heç zaman kəsilməyib. Danılmaz həqiqətir ki, məhz onun Sankt-Peterburq və RF Şimal-Qərb regionundakı müsəlmanların Ruhani idarəsinin sədri seçilməyi ilə müftiliyin işində köklü dəyişikliklər baş verib, müsəlmanların əsl tələbatları və ümidlərini əks etdirən müntəzəm surətdə fəaliyyət başlayıb”, - deyə T.Tacuddinə ünvanlanan məktubda qeyd edilir.
A.Paşazadə müsəlmanlar, Azərbaycan xalqı adından Rusiya müsəlmanlarına, mərhumun qohumlarına başsağlığı verib.