Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində İrəvanın qeyri- konstruktiv mövqeyi regionda vəziyyətin gərginləşməsinə səbəb olur. XİN başçısı Elmar Məmmədyarov belə hesab edir.
“Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində davam etdirdiyi qeyri -konstruktiv mövqe, onun beynəlxalq hüquq norma və prinsiplərini yerinə yetirmək istəməməsi və buna paralel olaraq rəsmi İrəvan tərəfindən atılan və sabitliyi pozan addımlar regionda vəziyyətin gərginləşməsinə səbəb olur”,- deyə E.Məmmədyarov bir sıra yerli və xarici KİV nümayəndələrinə verdiyi müsahibədə bildirib.
Onun fikrincə, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticəsiz qalmasına baxmayaraq 2012-ci il münaqişənin həllində Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi nöqteyi nəzərindən vacib il oldu”.
E.Məmmədyarov qeyd edib ki, NATO, İƏT, Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda Ermənistan –Azərbaycan münaqişəsi üzrə sənədlər qəbul edilib. Bu sənədlərdə Azərbaycanın müstəqilliyinə,.beynəlxalq aləm tərəfindən tanınmış dövlət sərhədlərinə, ərazi bütövlüyünə hörmətlə yanaşılır.Bununla yanaşı bu sənədlərdə münaqişənin məhz bu əsaslala həll edilməsinin vacibliyi vurğulanıb.
“Ermənistan bu dünya birliyinin mütləq əksəriyyətini birləşdirən bu beynəlxalq təşkilatların tutduğu prinsipial mövqedən nəticə çıxarmalı və öz mövqeyini dünya birliyinin mövqeyinə uyğun olaraq bir daha təhlil etməlidir”,- deyə E.Məmmədyarov bildirib.
XİN başçısının sözlərinə görə, keçən il beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı bəyanat və qərarlar münaqişənin həll yolu çərçivəsini, onun hüquqi bazasını və əsas elementlərini müəyyənləşdirib.
“Dünya birliyində belə bir rəy formalaşıb ki, münaqişənin həllinə Erməınistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması ilə başlamaq lazımdır. Bunun ardınca işğalın ağır nəticələrinin qarşılıqlı addımlar nəticəsində aradan qaldırılması həyata keçirilməlidir ki, bu da münaqişə tərəfləri arasında əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaranmasına xidmət etmiş olar”,- deyə E.Məmmədyarov bildirib.
Onun fiktincə digər tərəfdən rəsmi İrəvanın Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələrinin görüşünə mane olması onlar arasında etimadın yaranmasına və ümumilikdə münaqişənin həllinə mane olur.
“Azərbaycanın mövqeyi aydındır; biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq və bütün regionun inkişafında maraqlıyıq”,- deyən XİN başçısı əlavə edib ki, Azərbaycan öz yüksək iqtisadi potensialını bütün regionun inkişafına yönəltməyə hazırdır.
“Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması Ermənistan üçün də Azərbayanın geniş iqtisadi potensialından istifadə imkanı yarada bilər.Bu həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun real inkişaf proqramının yaradılmasına, real investisiyaların cəlb edilməsinə gətirib çılxarar”,- deyə XİN başçısı bildirib.
Nazir bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşı kimi qəbul edir və onların yaxşı vəziyyətdə yaşamasını istəyir. “Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalması buna mane olur”,- deyə E.Məmmədyarov qeyd edib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.