Azərbaycan 2013-cü ilin oktyabr ayında BMT TŞ-də sədrliyi müddəti ərzində beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün töhfəsini əsirgəməyəcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bir sıra yerli və xarici informasiya agentliklərinə müsahibəsində bəyan edib.
“Azərbaycan hər zaman ədalətin təmin olunması istiqamətində öz fəaliyyətini davam etdirəcək”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, BMT TŞ-yə üzvlük ölkəmizə xüsusilə Afrika və Latın Amerikası kimi regionlarda yeni tərəfdaşlar qazandırıb və bu, iqtisadi, siyasi, mədəni və sosial-humanitar sahələrdə yeni əməkdaşlıqlara yol açıb.
“BMT TŞ-yə üzvlük beynəlxalq arenadakı mövqeyimizi daha da gücləndirməyə imkan verəcək və Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə dəstəkləyən dövlətlərin sayını daha da artıracaq”, - deyə E.Məmmədyarov qeyd edib.
O, həmçinin deyib ki, Azərbaycanın TŞ-də sədrliyi dövründə qəbul olunmuş üç qətnamənin hər biri Afrika ölkələri (Sudan və Qvineya Bissau) haqqındadır. “Bu da Azərbaycanın Afrika qitəsində baş verənlərə qarşı biganə olmadığının və sözügedən regionda baş verən hadisələri yaxından izlədiyinin göstəricisidir”, - deyə XİN başçısı vurğulayıb.