Armavir yaxınlığında tikilmiş “Voronej” tipli RLS Qəbələ RLS-in üzərinə düşən işi yerinə yetirmək qabiliyyətinə malikdir.Bu barədə “İnterfask –AVN” agentliyinə “RTİ” ASC-nin baş direktoru, raket hücumu barədə xəbərdarlıq sisteminin baş konstruktoru Sergey Boyev məlumat verib.
“Armavirdə tikilmiş radiolakasiya kompleksi Qəbələ RLS-in informasiya itkisini tamamilə kompensasiya edə bilər. Bundan başqa, məhz bu kompleks Rusiyanın Ukraynada icarəyə götürdüyü, sonra imtina etdiyi “Mukaçevo” və “Sevastopol” RLS-lərinin informasiya itkisini də kompensasiya edəcək. Bu kompleksin Raket Hücumundan Xəbərdarlıq Sisteminin hərbi tərkibinə salınması cənub və cənub- şərq istiqamətlərində raket təhlükəsi məsələlərinin həllini təmin edəcək”,- deyəS.Boyev bildirib.
Onun sözlərinə görə, raket hücumundan xəbərdarlıq sisteminin yerüstü seqmentinin əsas təşkilatı olaraq “RTİ” ASC-nin qarşısında “Qəbələ stansiyası üzrə dövlətlərarası problem nəzərə alınmaqla ciddi məsələ dayanır”.
“Biz 2013-cü ilin birinci rübündən gec olmayaraq dövlət sınaqlarını başa çatdırmalı, və Armavir kompleksini hərbi növbətçiliyə hazır vəziyyətə gətirməliyik”.- deyə S.Boyev söyləyib.
Onun sözlərinə görə, Qəbələdəki “Daryal” stansiyasını modernləşdirilmək üçün böyük potensial var.
“Vaxtilə bu stansiya yüksək texniki səviyyəyə və intellektuyal ehtiyata malik idi.Əgər biz müasir texniki həll vasitəsilə onun modernləşdirilməsini həyata keçirsəydik ona yeni keyfiyyətlər vermiş olardıq. Amma artıq olan oldu”,- deyə S.Boyev əlavə edib.
Onun sözlərinə görə “modernləşdirilmiş Qəbələ RLS və Armavirdə tikilmiş radiolakasiya kompleksi Avropa Raket Əleyhinə Müdafiə Sisteminə inteqrasiya oluna bilərdi”.