Təhsil Nazirliyi "Elektron təhsil" müsabiqəsinin başlanmasını elan edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə nazirlikdən məlumat verilib.
Müsabiqənin keçirilməsində məqsəd İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılmasıdır. Müsabiqə "Təhsil sistemində internet texnologiyaları", həmçinin "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə keçirilir.
Təhsil Nazirliyinin qərarı ilə müsabiqə hər il ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri, məktəblilər və onların valideynləri üçün keçirilir.
İki mərhələdə təşkil edilən müsabiqəyə təqdim olunacaq işlər müvafiq meyarlar üzrə qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqlar.
Müsabiqənin qalibləri beş nominasiya üzrə elan ediləcək, ərizələr aprelin 2-dən mayın 15-dək qəbul olunacaq. Mükafatlandırma mərasimi cari ilin iyun ayında keçiriləcək.