Mahmud Abbas tərəfindən Fələstin Milli Hakimiyyətinin adı Fələstin Dövlətinin adı və simvolu ilə əvəz edilməsi barədə imzalanan fərman regionda Fələstinin suverenliyinin gücləndirilməsinə yönəlib. Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim belə hesab edir.
“Mahmud Abbas tərəfindən imzalanan fərman Fələstin Dövlətinin güclənməsi məqsədini güdür, fələstin xalqı üzərində öz hakimiyyətini və regionda suverenliyini mək vasitəsilə milli müstəqillik yolunda önəmli addımdır”, - deyə səfir bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Diplomatın sözlərinə görə, 1988-ci ildən etibarən indiyədək 132 dövlət Fələstini bir dövlət kimi tanıyırdı. Fələstinin 1988-ci ildən bəri dünya dövlətlərində onlarla səfirliyi vardır.
Səfir qeyd edib ki, M.Abbasın fərmanı ilə əlaqədar Fələstinin Azərbaycandakı səfirliyinin strukturunda dəyişikliklər nəzərdə tutulmur.
Yaxın Şərqdə vəziyyəti şərh edərək N.A.Kərim vurğulayıb ki, ən böyük təhlükə odur ki, İsrail beynəlxalq qanunvericiliyə görə Fələstin ərazilərində qeyri-qanuni hesab edilən məskunlaşma həmləsinin tempini artırır. “O cümlədən müqəddəs Qüds (Yerusəlim –İF-Az) və digər Fələstin regionlarını müsadirə etməklə və Fələstin Dövlətinin coğrafi hissələrini bölməklə israilli müstəmləkəçi məskunlaşanlar üçün yaşayış məskənləri salıb. Baxmayaraq ki, bu addım beynəlxaql hüquq nöqteyi-nəzərindən qeyri-qanunidir”, - deyə N.A.Kərim vurğulayıb.
Fələstin Milli Hakimiyyətinin rəhbəri M.Abbas Fələstin Milli Hakimiyyətinin Fələstin Dövləti adı ilə əvəz edilməsi haqqında fərman imzalayıb, həmçinin gerb və möhür daxil olmaqla rəsmi simvollara müvafiq dəyişikliklərin daxil edilnməsi göstərişi verib.
Bundan başqa, Fələstin Milli Hakimiyyətinin rəhbəri M.Abbas Fələstin Dövlətinin prezidenti adlanacaq. Həmçinin, müvafiq strukturlara fələstinlilərin dünya arenasında dəyişən vəziyyətini nəzərə alraq yeni orden, medallar və markaların hazırlanması tapşırılıb. M.Abbasın fərmanı BMT Baş Assambleyasının Fələstinin müşahidəçi dövlət statusu alması haqqında qəbul etdiyi qətnamənin reallaşdırılmasına yönəlib.