ABŞ Fələstin Milli Hakimiyyətini Fələstin Dövləti kimi tanımaq niyyətində deyil. Bu barədə bazar ertəsi ABŞ-ın Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland brifinqdə bəyan edib.
“Siyasətimizlə əlaqədar biz onu (Fələstini-İF) Fələstin Milli Hakimiyyəti adlandırmağa davam edəcəyik. O zamana qədər ki, danışıqlar yolu ilə sərhədləri (müəyyən - İF) olan dövlət haqqında razılıq əldə olunmayana qədər”, - deyə o bildirib.
Bu bəyanat Fələstin Milli Hakimiyyətinin rəhbəri Mahmud Abbasın Fələstin Milli Hakimiyyətinin adını Fələstin Dövləti ilə əvəz etmək barədə fərmanını şərh etmək xahişinə cavab olaraq səsləndirilib.
Diplomat qeyd edib: “Adi ritorika, adlar və damğaların köməyi ilə dövlət yaratmaq mümkün deyil. Onu yalnız kontekstdə və ikitərəfli danışıqlar vasitəsilə yaratmaq olar”.
Xəbər verildiyi kimi, M.Abbasın Fələstin Milli Hakimiyyətinin adını dəyişmək barədə fərmanı ötən ilin noyabr ayında BMT Baş Assambleyasının Fələstinin müşahidəçi dövlət statusu alması haqqında qəbul etdiyi qətnamənin nəticəsidir.