Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı iki mərhələdə keçiriləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Natiq Əliyev məlumat verib.
“Sənədlərin qəbulu fevralın əvvəlində başlanacaq. İmtahanların birinci mərhələsi martın əvvəlində, ikinci mərhələsi isə ali məktəblərə qəbul imtahanları başa çatdıqdan sonra, yəni iyunun sonunda keçiriləcək”, - deyə N.Əliyev çərşənbə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, birinci mərhələdə test üsulu ilə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənni və xarici dili bilmə səviyyəsi yoxlanılacaq.
“Birinci mərhələdəki nəticələri ödəyən şəxslər ikinci mərhələyə buraxılacaq. Burada onların seçdikləri qəbul proqramı üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılacaq. Azərbaycan sektorunun bakalavrları xarici dil qismində ingilis, alman, fransız və ya rus dillərindən istifadə edə bilərlər. Rus sektorunun baklavrları - ingilis, alman, fransız”, - deyə o qeyd edib.
TQDK-nın şöbə müdiri həmçinin bildirib ki, Azərbaycan filologiyası və ya tarixi fakültəsinə daxil olmq istəyən Azərbaycan sektorunun bakalavrları xarici dil qismində ərəb və ya fars dillərini seçə bilərlər.
Filologiya, dilçilik və ya tərcümə fənnləri üzrə təhsil alan bakalavrlar ixtisaslaşdıqları dili seçmək hüququna malikdirlər. Təhsillərini ingilis dilində davam etdirməyi arzu edən şəxslər yalnız həmin dili seçə bilərlər. Bu fənn üzrə onların balları TQDK tərəfindən müəyyən edilən tələblərə cavab verməlidir.
Qeyd edilib ki, bu il ilk dəfə olaraq fevral ayında magistraturanın birinci mərhələsi üzrə sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulub.
N.Əliyev o cümlədən məlumat verib ki, cari ildə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Magistr” jurnalının birinci sayı nəşr olunub. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları və məntiqi təfəkkür, informatika və xarici dil üzrə qəbul imtahanlarının proqramı dərc edilib.