Rusiyanın ötən ilin sonunda Qəbələ RLS-in icarəsindən imtina etməsi Azərbaycan ərazisində xarici dövlətin hərbi iştirakı məsələsinə nöqtə qoyub. Politoloq Mübariz Əhmədoğlu belə hesab edir.
"Ötən il ən çox müzakirə edilən məsələlərdən biri olan RLS məsələsinin sakit şəkildə həll olunması sevindiricidir. Ən əsası isə odur ki, Azərbaycan ərazisində başqa ölkənin hərbi bazasının olması məsələsinə nöqtə qoyulub", - deyə politoloq çərşənbə axşamı 2012-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
M.Əhmədoğlu qeyd edib ki, Ermənistan tərəfi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədilə RLS-lə bağlı vəziyyəti öz maraqları üçün istifadə etməyə çalışırdı. "Hesab edirəm ki, məhz Rusiya hökumətinin siyasəti nəticəsində məsələ Azərbaycana ziyan dəymədən həll edilib”, - deyə o söyləyib.
Analitik-informasiya mərkəzi statusuna malik “Dəryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdiyi saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Sazişin müddəti 2012-ci il dekabrın 9-da başa çatıb.
İcarə müddətinin uzadılması məsələsi hələ 2011-ci ildə müzakirə edilməyə başlayıb. O zaman Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Bakıda aparılan danışıqlarda yeni sazişin işlənib hazırlanması ilə bağlı razılığa gəlib.
Ancaq tərəflər icarə haqqı məsələsi ilə bağlı vahid fikrə gəlməyib. Bir sıra Rusiya KİV-nin məlumatına görə, Azərbaycan əvvəlcə Rusiya tərəfindən ildə $15 mln. icarə haqqı tələb edib, sonra bu məbləği $150 mln.-a, son zamanlar isə $300 mln.-a qədər artırıb.