Çərşənbə günü Qahirədə Fələstin Milli Administrasiyasının rəhbəri (FMA), FƏTH Fələstin hərəkatının lideri Mahmud Abbasla Qəzza zolağına nəzarət edən Həmas təşkilatının rəhbəri Xalid Məşəalın görüşü keçiriləcək. Bu barədə İsrailin “Ceruzalem” qəzeti məlumat verir
Qəzetin məlumatına əsasən, danışıqlara Misir prezidenti Məhəmməd Mürsi vasitəçilik edib.
Fələstin məmurlarının bildirdiyinə görə, danışıqlar iki təşkilat arasında mübahisəli məsələlərin bir dəfəlik nizamlanmaına yönəldilib.
Xəbər verildiyi kimi, FƏTH və Həmas təşkilatları 2012-ci ilin may ayında saziş bağlayıblar.Sazişə əsasən, yaxın vaxtlarda Fələstin ərazisində qanunverici və icra hakimiyyəti orqanlarına seçkilər keçirilməlidir.
Qəzza zolağına nəzarət edən Həmas təşkilatı bir çox qərb ölkələri tərəfindən terrorçu təşkilat olaraq tanınır. 2011-ci ilə qədər Qərb sahilinə nəzarət edən FƏTH təşkilatı Həmasla mübarizə aparırdı, lakin FƏTH və İsrail arasındakı danışıqlar tamamilə dalana dirəndikdən sonra hərəkat lideri M.Abbas rəqibləri ilə sülh bağlamaq qərarına gəlib ki, bu da İsrail və ABŞ-ın narazılığına səbəb olub.