Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) 2013-cü ilə bir sıra aktual elmi mövzulara dair layihələr müsabiqəsini elan edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri Proqramı (MTİT) çərçivəsində elan edilən müsabiqəyə alternativ enerji, Xəzər dənizinin ekologiyası və qida məhsullarının təhlükəsizliyi sahələrində layihələrin hazırlanması daxildir. Layihələrin ümumi büdcəsi - $1 mln. təşkil edir.
ABŞ, Kanada və ya Aİ alimləri ilə birgə əməkdaşlıqda hazırlanan layihələrə baxılacaq.
Namizədlər yanvarın 25-dək layihələrini təqdim etmək niyyətində olduqlarını bəyan etməlidirlər. Ərizələr cari il fevralın 8-dək qəbul edilir.
Layihənin tam variantı sonradan ekspertizadan keçirilmək və razılaşdırılmaq məqsədilə 2013-cü il aprelin 19-dək AMEA-ya təqdim edilməlidir.