Azərbaycan yanvar ayında dörd beynəlxalq turizm sərgisində nümayiş olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Azərbaycan turizm potensialını yanvarın 18-dən 20-dək Nyu-Yorkda «The New York Times Travel Show», 24-27 yanvar tarixlərində Türkiyənin İstanbul şəhərində «EMİTT-2013» sərgilərində nümayiş etdirəcək.
Bundan başqa, Azərbaycanın yanvar ayında Tehranda «HT&T Iran Hotel, Travel & Tourism Show» və Madriddə «Fitur» sərgilərində iştirakı nəzərdə tutulub.
Sərgilərin gedişində Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə ingilis, türk və ispan dillərində 20 adda reklam-çap məhsulu nümayiş etdiriləcək.