Türkiyənin “Petkim Petrokimya Holdinq” neft-kimya kompleksinə bu ölkəyə sərmayə yatıran ən iri strateji investisiyaların təşviq edilməsinə dair vəsiqə təqdim edilib. Bu barədə SOCAR-dan (Azərbaycan Respubliksı Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Socar Turkey Enerji” (əvvəl SOCAR-Turcas BM) şirkəti Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin nəzarət səhm (51%) paketinin sahibidir.
Məlumatda qeyd edilir ki, “Petkim Petrokimya” bu cür vəsiqənin ikinci sahibidir. İlk vəsiqə “STAR” neft emalı zavoduna yatırılan sərmayələr üçün “SOCAR Energy Turkey A.S.” şirkətinə verilib.
“Petkim”in icraçı direktoru Sadəddin Qorqud vurğulayıb ki, strateji sərmayələrin təşviq edilməsi vəsiqəsi “Petrokimya Məhsulları Potensialı Artımı və Yeni Məhsul İstehsalı” layihəsi çərçivəsində etilen və təmiz tereftal turşusu (PTA) zavodları üçün nəzərdə tutulan sərmayələrin reallaşdırılmasını asanlaşdıracaq.
Onun sözlərinə görə, sərmayələrin yatırılması başa çatdıqdan sonra etilen zavodunun illik potensialı 13% artacaq, PTA zavodunun illik potensialı 70 min tondan 105 min tona qədər yüksələcək.
S.Qorqud əlavə edib ki, investisiyaların yatırılması “Petkim”in illik istehsal potensialının 3,2 milyon tondan 3,5 milyon tona qədər artırılmasına imkan yaradacaq.