Suriyada daxili münaqişənin qarşısını almaq üçün ölkə prezidenti Bəşər Əsəd keçid hökumətində yer iddiasında olmamalıdır. Bu barədə BMT və ƏDL-in Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Braximi bəyan edib.
"Şübhəsiz ki, o, hökumətin üzvü olmayacaq", - deyə İsrailin Jerusalem post" qəzeti cümə axşamı diplomatdan sitat gətirir.
L.Braximi təsdiq edib ki, Suriya ilə bağlı Cenevrə sazişi "Suriyada nizamlanmanın əsasıdır". O, həmçinin vurğulayıb: "Problemin hərbi yolla həlli yoxdur, onun həlli üçün 2014-cü ili gözləmək lazım deyil".
O, B.Əsədin bu yaxınlardakı çıxışını tənqid edərək, onu "güzəştə getməyən" adlandırıb.
L.Braximi bildirib ki, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanov və ABŞ dövlət katibinin müavini Vilyam Bernslə görüşdə iştirak etmək üçün cümə axşamı Cenevrəyə gedir.
Daha əvvəl M.Boqdanov bildirib ki, görüş yanvarın 11-də Cenevrədə baş tutacaq.