Azərbaycan şirkətləri Qərbi Qazaxıstanda logistika mərkəzinin yaradılmasında iştirak etmə imkanlarını nəzərdən keçirir. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev bəyan edib.
"Bizim şirkətlər Qərbi Qazaxıstanda logistika mərkəzinin yaradılmasında, eləcə də bu mərkəz vasitəsilə bölgənin ərzaq təminatında iştirak etmə imkanlarını öyrənir", - deyə o, Qazaxıstanın baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
"Ölkə başçılarının tapşırığına əsasən, Qərbi Qazaxıstan vilayətləri ilə əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə Azərbaycan nümayəndə heyətinin Aktauya səfəri və biznes-forumun təşkili nəzərdə tutulur”, - deyə nazir vurğulayıb.
K.Kuşerbayev Qazaxıstanın Azərbaycanla xüsusilə aqrar sektorda əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. "Biz aqrar sektorda tətbiq edilən qabaqcıl texnologiya və metodlara xüsusi maraq göstəririk", - deyə o bildirib. K.Kuşerbayev Qazaxıstanda Azərbaycanın aqrar sahədəki qabaqcıl təcrübəsindən istifadə ediləcəyini söyləyib.
Görüşdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, logistika, turizm və s. sahələrdə əlaqələrin inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bakıya səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti bir sıra yerli müəssisələrin, eləcə də Qəbələdə heyvandarlıq və şərabçılıq məhsulları istehsalı müəssisələrinin fəaliyyəti, bölgənin turizm potensialı ilə tanış olub.