Cümə günü səhər Qazıməmməd –Qazax magistral qaz kəmərinin bir hissəsində baş vermiş partlayış Azərbaycan qazının Gürcüstana nəqlinə təsir göstərməyib.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan qazının Gürcüstana ixracı tam həcmdə davam edir.Qazıməmməd- Qazax qaz kəmərinin Göyçay rayonu ərazisindən keçən hissəsində baş verən partlayış qaz ixracına təsir göstərməyib, çünki paralel qaz kəmərindən istifadə olunub”,- deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.
“İnterfaks Azərbaycan” agentliyinin regional bürosunun müxbiri bildirib ki,cümə günü səhər saatlarında Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qaz sızması səbəbindən güclü partlayış baş verib.
Partlayış səbəbi ilə baş verən yanğın hələ də davam edir.
Partlayış nəticəsində Ağdaş rayonunun 40%, Göyçay və Qəbələ rayonlarının 20% yaşayış məntəqələri qazsız qalıb. Bu rayonlara tezliklə ehtiyat qaz xətti vasitəsi ilə qaz verilişi bərpa ediləcək.