SOCAR şirkətinin “Azəriqaz” İstehsalat Birliyi Göyçay rayonunda Qazıməmməd-Qazax magistral qaz kəmərində baş verən yanğının nəticələrini aradan qaldırır. Bu barədə İB-dən məlumat verilib.
“Yanğın cümə günü səhər saat 07:20-də Qazıməmməd-Qazax magistral qaz kəmərinin 128-ci km-də, Göyçay rayonunun Qarabaqqal kəndi ərazisindən keçən dağlıq hissədə baş verib. Yanğının qarşısını almaq üçün kranlar bağlanılıb. Hazırda “Azəriqaz” İstehsalat Birliyinin xüsusi texnikası əraziyə cəmləşdirilib və qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır”, - deyə məlumatda qeyd olunur.
Məlumatda vurğulanır ki, təmir işləri başa çatana qədər Göyçay rayonunun 6 kəndi və rayon mərkəzinin 1,5 min abonenti əhatə edən aşağı hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Eyni zamanda, respublikanın digər yaşayış məntəqələrinin təbii qazla təchizatında heç bir məhdudiyyət nəzərdə tutulmur.
Xəbər verildiyi kimi, Göyçay rayonunda Qazıməmməd-Qazax magistral qaz kəmərində baş verən qəza Azərbaycan qazının Gürcüstana ixracına təsir etməyib.