Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2012-ci ildə 14,934 ton (480 146 unsiyası) qızıl alıb. Bu barədə Fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, 2012-ci il fevralın 1-dən qızılın alışına başlayıb.
“Fond tərəfindən alınan qızılın müvəqqəti saxlanılması üçün “JP Morgan” bankının London anbarı seçilib. Növbəti mərhələlərdə strateji əhəmiyyətli ehtiyat xarakteri daşıyan qızıl ehtiyatlarının Azərbaycana gətirilməsi və burada saxlanılmasının təmin edilməsi nəzərdə tutulub”, - deyə məlumatda qeyd edilir.
Fondun məlumatlarına görə, Böyük Britaniyanın “Brinks Qlobal Services” şirkəti cümə günü Neft Fondu tərəfindən alınan 1 ton qızılı (32 150 unsiyası) Azərbaycana gətirib. Həmin qızıl müvəqqəti olaraq Azərbaycan Mərkəzi Bankında saxlanılacaq.
“Hazırda Fondun yeni inzibati binasında (tikilən – İF-Az) müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün xəzinənin inşa edilməsi nəzərdə tutulub. ARDNF-in yeni binası istifadəyə verildikdən sonra alınan qızılın həmin xəzinədə saxlanılacaq”, - deyə məlumatda vurğulanır.
Öncə xəbər verilib ki, Fond 2014-cü ilə qədər əldə edilən qızılın həcmini 30 tona çatdırmağı planlaşdırır.
1999-cu ilin dekabr ayında yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
2012-ci il dekabrın 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri $33 mlrd. 985 mln. təşkil edir.