BMT Təhlükəsizlik Şurası Fransanın xahişi ilə bazar ertəsi Malidə vəziyyəti müzakirə edəcək. Bu barədə BMT-dəki diplomatik mənbə məlumat verib.
Fransa BMT TŞ üzvlərini və BMT katibliyini ölkədə vəziyyətlə bağlı məlumatlandırmaq və onlarla fikir mübadiləsi aparmaq niyyətindədir. Bu barədə jurnalistlərə Fransanın BMT yanında daimi nümayəndəliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, iclas yerli vaxtla saat 15:00-a (Moskva vaxtı ilə çərşənbə axşamı saat 00:00) nəzərdə tutulub.
Xəbər verildiyi kimi, Fransa Malinin şimalında qərarlaşmış islamçıların hücumlarının qarşısını almaqda hökumət qüvvələrinə yardım etmək üçün ötən həftənin cümə axşamından Malidə hərbi əməliyyatlarda iştirak edir.
Bazar günü Fransa təyyarələri ölkənin şimalında islamçıların mövqelərinə hücumlar edib.
"Biz daim aviazərbələr endiririk. Biz zərbələri gecə endirmişik, onlar indi də davam edir. Bütün bunlar sabah da təkrarlanacaq", - deyə Fransanın müdafiə naziri Jan-İv Le Drian televiziyada çıxışı zamanı bildirib.
Müşahidəçilər qeyd edir ki, Fransa hakimiyyəti BMT TŞ-nin qərarına uyğun olaraq sülhün qorunması üzrə Afrika qüvvələrinin tezliklə Maliyə yeridilməsinə çalışır ki, bu da ölkədə Fransa hərbçilərinə təzyiqi zəiflətməyə kömək edəcək.
Artıq Nigeriya, Niger, Burkina-Faso, Toqo, Seneqal və Benin Maliyə qoşunlarını göndərməyi planlaşdırdıqlarını açıqlayıblar.