2012-ci ildə Vergilər Nazirliyi 11 150 səyyar vergi yoxlaması həyata keçirib,bu da 2011-ci ilin göstəricisi ilə müqayisədə 15,9% azdır.
2012-ci ildə Vergilər Nazirliyi 7 075 hüquqi və 4 075 fiziki şəxsdə səyyar vergi yoxlamasını başa çatdırıb.
“Əgər 2011-ci ildə faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin 6,2% səyyar vergi yoxlaması keçirilibsə, o zaman 2012-ci ilin nəticələrinə görə, bu yoxlamalar 4,8% vergi ödəyicisinə aid olub”, - deyə məlumatda qeyd edilir.
2012-ci ildə səyyar vergi yoxlamalarının 74,1%-i növbəti yoxlamalar, 25,9%-i növbədənkənar səyyar vergi yoxlaması xarakteri daşıyıb.
“2012-ci ildə keçirilən səyyar vergi yoxlamaları əsasında, başa çatdırılmış yoxlamalar üzrə büdcəyə 612,9 mln. manat əlavə hesablanıb ki, bunun da 51,2%-ni əlavə hesablanmış vergi məbləği, 48,8%-ni isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası və faizlər təşkil edib. 2011-ci illə müqayisədə əlavə hesablanmış vergi məbləği 24,5%, maliyyə sanksiyası və faizlər üzrə məbləğlər isə 10,1% artıb. Ümumilikdə, 2011-ci illə müqayisədə 2012-ci ildə hesablanmış əlavə vəsaitin məbləği 17% artıb”, - deyə məlumatda qeyd edilir.
Eyni zamanda, büdcəyə hesablanmış əlavə vəsaitin 56,5%-i növbəti yoxlamaların, 43,5%-i növbədənkənar yoxlamaların payına düşür.
Vergilər Nazirliyinin məlunmatına əsasən, 2012-ci ildə səyyar vergi yoxlamaları üzrə bir yoxlamaya düşən hesablanmış əlavə vəsaitin məbləği 2011-ci illə müqayisədə 39,2% artaraq 55 min manat təşkil edib.
2012-ci ildə əlavə hesablanmış məbləğin 40,7%-i ödəmə mənbəyində tutulan verginin, 27,9%-i ƏDV-nin, 9,5%-i mənfəət vergisinin, qalanı digər vergilərin payına düşüb.