Bakı Dağlıq Qarabağda yeni aeroportun fəaliyyətinə yalnız o zaman sakit yanaşa bilər ki, onun istifadəyə verilməsi Qarabağ probleminin həlli üzrə sülh sazişinin bir hissəsi olsun. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Ümumilikdə, aeroportun özü heç bir problem yaratmır. Onu humanitar məqsdlərlə də istifadə etmək mümkündür. Lakin, bütün bunlar “böyük plan” çərçivəsində nizamlanmalıdır”.
Əgər erməni tərəfi aeroportun istifadəsi böyük sülh sazişinin tərkib hissəsi olsun deyə qoşunlarını işğal olunan Azərbaycan ərazilərindən çıxarmağa hazırdırsa, o zaman bu problem deyil”, - deyə nazir bazar ertəsi mətbuat konfransında bildirib.
Eyni zamanda E.Məmmədyarov vurğulayıb ki, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi şəraitində aeroportun fəaliyyət göstərməsi beynəlxalq normaların pozulması hesab edilir. “Əgər onlar bu aeroportu istifadəyə vermək istəyirlərsə, o zaman qoşunlarını çıxarmalıdırlar”, - deyə o vurğulayıb.
Mətbuat konfransında iştirak edən Norveçin xarici işlər naziri Espen Bart Eyde o cümlədən bəyan edib ki, erməni tərəfinin Azərbaycanın işğal edilən ərazisi üzərindən uçuşlarının həyata keçirilməsi qeyri-qanunidir və Qarabağ probleminin həllinə ciddi zərbə vura bilər. “Biz Ermənistanın bu məsələdə mövqeyi ilə razı deyilik. İşğal edilən ərazi üzərində uçuşlar mümkün deyil. Bu məsələ ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə olunmalıdır. Tərəflər təxribatçı addımlar atmamalıdır”, - deyə E.B.Eyde vurğulayıb.