Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır, əks təqdirdə münaqişənin davam etməsi ona yaxşı heç nə gətirməyəcək. Bu barədə Prezident İlham Əliyev çərşənbə axşamı Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
“Əminəm ki, Ermənistanda məsələyə real prizmadan yanaşan qüvvələr açıq-aydın dərk edirlər ki, Azərbaycan ilə bu münaqişə və bu rəqabət onlara heç də yaxşı nəticələr vəd etmir, əksinə onlar getdikcə bu mübarizədə uduzurlar”, - deyə o bildirib.
Prezidentin sözlərinə görə, Dağlıq Qarabağla bağlı gedən danışıqlar Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən indi dondurulmuş vəziyyətdədir. “Ancaq prinsiplər var ki, biz bu prinsiplərdən bir addım geri çəkilməyəcəyik. Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyev qeyd edib ki, Bakının mövqeyi həm hüquqi, həm siyasi cəhətdən sarsılmazdır, eyni zamanda, Azərbaycan iqtisadi və hərbi gücünü artırır.
Onun sözlərinə görə, bu münaqişə ilə bağlı dünya birliyinin də mövqeyi birmənalıdır. Bu mövqe ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Dövlət başçısı ötən il NATO və Qoşulmama Hərəkatının zirvə görüşlərində Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə dair qəbul edilmiş qərarları xatırladıb.
“Bu iki təşkilat dünyanın əksər ölkələrini birləşdirir və biz Azərbaycanın ədalətli mövqeyinin bütün dünya birliyi tərəfindən dəstəklənməsinə nail olmuşuq. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik”, - deyə Prezident bildirib.
O, Azərbaycanın iqtisadi və hərbi gücünün ildən-ilə artdığını deyib.
“Ermənistanın iqtisadiyyatı isə tənəzzülə uğrayır. Mən bu barədə bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, bu ölkənin gələcəyi böyük sual altındadır. Çünki onların işğalçı siyasəti özlərini bu vəziyyətə qoyub. Nə qədər ki, bu münaqişə davam edəcək, onların vəziyyəti daha da ağırlaşacaq. Biz isə öz növbəmizdə bütün imkanlardan istifadə edib gələcəkdə də Ermənistanı sıxışdırmalıyıq. Onları onsuz da bütün layihələrdən təcrid etmişik. Bu siyasət davam etdiriləcək. Buna nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Biz siyasi, diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edə bilərik və lazım gələrsə istifadə edəcəyik”, - deyə dövlət başçısı söyləyib.
Ötən il əldə edilmiş xarici siyasi uğurlara toxunan Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycanın ən böyük nailiyyəti olub.
O, həmçinin ölkənin hərbi gücünün möhkəmləndirilməsi istiqamətində aparılan işlərə də toxunub. “Ordumuzun gücləndirilməsi üçün böyük sayda texnika, silah-sursat alınıb. 2012-ci ildə ümumi hərbi xərclərimiz üç milyard dollardan çox idi. Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır”, - deyə İ.Əliyev vurğulayıb.
“Ordu quruculuğu işində, əlbəttə, təkcə maddi-texniki təchizat rol oynamır, eyni zamanda, peşəkarlıq və nizam-intizam da öz rolunu oynayır. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Bu gün bizim ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcək və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcək”, - deyə Prezident qeyd edib.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.